Mentor Talks, bloq, Tonny Robbins

Şamil Bağmanov: Toni dedi ki, “Həyat – arzularımız və qorxularımız arasında rəqsdən ibarətdir”

MentorTalks layihə rəhbəri Şamil Bağmanovun “Tony Robbins təəssüratları”

 

Seminardan əvvəl müsahibəsində “biz bu seminarda iştirakçılarla “dərinə” gedəcəyik” demişdi. Əslində əsas gözləntim bu idi və son vaxtlar suallarıma cavab tapmağa çalışdığım məsələlər vardı. Əlbəttə ki, Toni bundan daha çox dəyər qatacaqdı. Keçmişimizə səyahət edib, “etdiklərimizi nə üçün etmişik?” sualına cavabları tapa biləcəkdik. Daxili potensialı hərəkətə gətirən güclərimizin nələr olduğunun cavabını tapacaqdım. Sahib olduğumuz dəyər və inanclara görə, yaxınlarımızla olan münasibətlərə görə minnətdarlıq hissi yaşayacaqdım. Valideynlərimə, dostlarıma, bizə qayğı göstərmiş ailədən olmayan, ya müəllimiz, ya dostumuz, ya da iş yoldaşımız olmuş, ancaq bizə mentor olmuş insanlara minnətdarlıq hissini bir daha dərindən hiss edəcəkdim. Ən əsası həyatda fərqindəlik və özünü dərk etmə hissinin inkişafına təkan olacaqdı.

Enerji transformatoru kimi idi

Əlimizi gündə 100 min dəfə döyünən ürəyimizə qoyub, bütün ürəyimizlə nəfəs alırdıq. Ürəyimizin dərinliyinin gücünü hiss edirdik. Düşünürdük. Ürəyimizin Yaradanın nə qədər möhtəşəm hədiyyəsi olduğunu, o günə qədər bəlkə də o dərəcədə düşünməmişdik. Bəlkə də bir çox seminar iştirakçısı həyatda olduğuna görə o günə qədər, o dərəcədə minnətdarlıq hissi yaşamamışdı. Sanki yaradılışdan bizə proqram təminatı kimi yüklənən emosiyalar həyata yenidən qaytarılırdı.

Enerji transformatoru kimi idi. Bu enerjini auditoriyaya təsir edəcək şəkildə ötürə bilirdi.

Güclü tərəflərimizi və inkişaf etdirməli tərəflərimizi bizə çox təsirli formada çatdırırdı. Adətən Toni seminarlarda şou göstərir deyirlər. Çünki seminarlarında fiziki hərəkətləri və musiqini bol-bol istifadə edər. Auditoriyanın aktivliyini və enerjisini yüksək saxlamağa var gücü ilə çalışır.

Dediyi kimi: hər şey enerji ilə başlayar.

Beynimizi və bədənimizi enerji ilə aktivləşdirməliyik. Fiziki hərəkət halında öyrənməyimiz və qərar vermə qabiliyyətimiz qat-qat artır. Passivdən aktiv rejimə keçmiş oluruq. Ancaq biz illərlə məktəbdə, universitetlərdə passiv vəziyyətdə olmuşuq. Parta arxasında oturmuşuq. Bizə “danışma, sakit otur” deyiblər və dinləmə rejimində olmuşuq. Bugünki gündə isə gündəlik həyatımızda və ya iş dünyasında danışmağı bilməliyik.

Üzümüzdə 34 fərqli əzələ var, hamısını istifadə etsək bütün biokimyamız dəyişilir. Təsəvvür edin bədənimizin bütün əzələlərini istifadə etsək nə qədər enerji yaranar. Bədənimizdən istifadə edərək enerji yaradırıq və bu da yeni icraatlar etməyimizə səbəb olur. Limitli düşüncə və inanclarımızdan qurtulmağımıza dəstək olur.

Uğurlu insanlar bu ikilini eyni anda yüksəldə bilirlər

Beynimizin və ürəyimizin frekanslarını eyni anda yüksək dərəcəyə (frekansa) gətirə bilmək (ingiliscə buna “flow” rejimi deyilir). Uğurlu insanlar bu ikilini eyni anda yüksəldə bilirlər.

Məşğul olduğumuz işə ürəyimizi və beynimizi qoya bildiyimiz,

ən effektiv ola bildiyimiz,

heç nəyin diqqətimizi dağıtmadığı,

bütün fokusu həmin işə verə bildiyimiz,

ən kreativ, ən effektiv ola bildiyimiz həmin rejimdi “flow” rejimi.

Zehni əhvalımızı fiziologiyamızla dəyişə bilərik. Bədənimizi hərəkətə gətirərək zehnimizin vəziyyətini dəyişə bilərik. Fiziologiyamızı dəyişdiyimizdə özümüzü hiss etməyimiz də dəyişir. Çünki bu beynimizin və bədənimizin biokimyası ilə əlaqəlidir. İllərdir Toni Robinsin dediyi bu məsələlər bu yaxınlarda Harvard Biznes məktəbinin araşdırma nəticəsidir.

Duruşumuzun gücü

İki əlimizi belimizə qoyaraq durduqda 2 dəqiqə sonra fiziologiyamızda baş verən dəyişikliklər:

Testesteron hormonu (xoşbəxtlik hormonu adlanır) 20 % artır.

Stress hormonu kortizol 25% azalma baş verir.

Risklərə qarşı toleransımız 33 % artır.

Başqa bir sehrli formula yoxdur

Fiziologiyamızı dəyişdiyimizdə zehni əhval ruhiyyəmiz və enerji səviyyəsi yüksəlir və bizi daha çox icraat etməyimizə sövq edir. İcraatın nəticələrini gördüyümüzdə inamımız artır, inam və əminlik artdıqca daha çox potensialımızdan istifadə etməyə başlayırıq. Daha çox icraat edirik və bu dövriyyə “uğur dövriyyəsi” adlanır. Başqa bir sehrli formula yoxdur.

Potensial – İcraat – Nəticələr - İnanc & Əminlik – Potensialdan daha çox istifadə - İcraat.. bu dövr davam edir...

Ən çox bəyəndiyi və məsləhət gördüyü kitab

Hər kəsin beynində özünün bir xəritəsi olur. İnanc və gözləntilərdən ibarət olan bu xəritələrin əslində son istifadə tarixi var. Onlar vaxt gəlir köhnəlir. Ancaq insanlar həmin inanc və vərdişlərə uyğun hərəkət etməyə davam edirlər. Bütün məsələ beynimizdədir. Özümüzə danışdığımız hekayədədir. Qarşılaşdığımız hadisələrə yüklədiyimiz mənalardadır. Beynimizin inkişafı üçün davamlı yeni informasiyaya ehtiyacı var– beynin qidalanması deyirik buna. Bunu təmin etməyin ən yaxşı yolu davamlı oxumaqdır.”

Toni özünün mentorundan və onun vaxtı ilə həyatının dəyişməsinə səbəb olmağından danışdı. Bir cümləsini paylaşdı: Liderlər oxuyanlardır (Leaders are readers) dedi. Söhbət məqalə, bloq oxumaqdan getmir, kitab oxumalıyıq dedi. Bizə dəyər qatacaq, strategiyalar öyrədə biləcək kitabları. Özünün də ən çox bəyəndiyi və məsləhət gördüyüBiznes strategiyaları ilə bağlı: “Ray Dalio – Principles” adlı kitab oldu.

 

Kitab oxumaq və inkişafımıza faydalı seminarlarda iştirak etməyin daxili  potensialımızı kəşf etməyimizdə böyük rolu olduğunu dedi. Uğurlu nəticələrin səbəbinin 80%-i zehniyyət, 20%-i strategiya olduğunu vurğuladı.

Elə bu cür seminarların zehniyyəti güncəlləmək, özümüzün ən yaxşı versiyamız ola bilmək üçün lazım və faydalı olduğunu düşünürəm.

Biz də MentorTalks olaraq, insanlarla fikir və ideyaları paylaşaraq, ilham verən çıxışları olan tədbirlər təşkil edərək davamlı inkişa sövq edirik.