Bloq 2

Niyə davamlı öyrənməliyik?

Bu 2 gün əlbəttə ki, Azərbaycanda 2 şeydən çox danışılır. Bağbandan və bir də pambıqdan. Ortalama il ərzində sosial mediada 100-dən artıq mövzu müzakirə olunur. Amma yadımıza salan olmasa onların çoxunu sonradan heç xatırlamırıq. Bu müzakirələr inkişaf, strateji yanaşmalar üçün çox yaxşıdır. Hətta nəyisə səhv edən insan eqosu ilə bunu qəbul etməsə də, şüuraltı bundan hansısa nəticələr çıxarır. Həmçinin, bu müzakirələr bəzən dövlətin gözlənilməz qərarlarına da səbəb olub. Ümumi desək bu müzakirələrdə təhqir, xof yoxdursa, obyektiklik, ədalət varsa bu çox gözəldir. Təəssüf ki, bu cür yanaşma heç də hər zaman olmur.

Yaxından, uzaqdan tanıdığımız marketinq icması da dünəndən bağa girib bir çürük ağaca (oxu plaqiata) görə bütöv bağı (oxu Azərbaycan marketinqi) müzakirə edir. Qətiyyən, bu yazıda bu müzakirələr üzərində dayanmaq istəmirəm. Öz prinsiplərimə sadiq qalaraq bu cür söhbətlərdə faydalı nəsə deyə bilmərəmsə susuram. Məsələ heç deməklə də bağlı deyil. Vicdan, niyyət və əməl ilə bağlıdır. Ola bilsin ki, bu bloqu oxuyanların bəzilər söhbətin tam olaraq nədən getdiyini bilmir. Ona görə də növbəti paraqraflarda əsas olaraq davamlı öyrənməyin vacibliyindən yazacağıma söz verirəm:

İnsanın fikirləri niyə dəyişir? 
İnsanın nəsə ilə bağlı fikir dəyişirsə bunu etiraf etmək, ən azından özün üçün bunu qəbul etmək insanı sadəcə ucaldar. Məsələn, 6-7 il qabaq pul axını (cash flow) planlaşdırmasına nifrət edir və bunu çox mənasız bir şey hesab edirdim. Ancaq bunu və proseslərin planlaşdırılmasını mənə çox gözəl və praktik təcrübələrlə izah edəndən sonra bunu sevməsəm belə buna daha rasional və hörmətlə yanaşdım. Biz illərdir belə edirik deyib, praktik və elmi əsaslı təcrübəyə hörmət etməmək özü bir qeyri-peşəkarlıqdır. Gözəl izah, açıq müzakirələr, obyektiv yanaşma ilə olan münasibət və ən əsası eqonu bir kənara qoymaq insana etdiyi, bildiyi səhv yanaşmaları dəyişməyə kömək edir. Həyatımda yüzlərlə misal var. Bu mövqesizlik deyil, əksinə bu həyatda daha doğru mövqe tutmağa gedən yoldur.

Keçmişdə bunu bu cür etdik 
Hərdən telefonda köhnə şəkillərə baxıram, istəyirəm post edim. Deyirəm əşşi bu köhnə şəkil kimə lazımdır? Zarafatsız hər şey o qədər sürətli gedir ki, adam özünü gündəlik freşləməsə özünü dövrdən uzaq bilir. İş müsahibələrində, nəbilim forumlarda, konfranslarda keçmiş təcrübələrdən danışmaq gözəldir. Amma illər keçdikcə mən filan işi bu cür gördüm və indi görməsəm belə bu iş mənim adımla bağlıdır demək və təzə heç nəyi bəyənməmək özünü aldatmaqdır. Xüsusən də sən pensiyaya çıxmamısansa.

Gənclərin qabağında dura bilmək 
Gələn il 30 yaşım olacaq. Özümdən 10 yaş kiçik xeyli sosial media dostlarım var. Həmçinin artıq yaşı 25-ə çatmış dərs dediyim gənclər var. Arasında ən azı yarısı məndən daha çox dil bilir, daha çox biliklidir, dünya görüşlüdür. Bir çox reallıqları daha tez başa düşüb. Daha gözəl əlaqələri var. Elələri də var, hətta çox yüksək yerlərdə işləyirlər. Buna görə mənim yaşım, 10 illik təcrübəm deyib gəncləri zəif bilmək ən böyük zəiflikdir. Hətta bəzi məqamlarda səhv etsələr belə onlar mən yaşda olanda bilirəm ki, daha çox uğurlu olacaqlar. Ona görə də bu axına qarşı mən arxayın oturub özümü ağıllı saymıram. Onlardan öyrənir, öz üzərimdə ən azı onlar qədər çalışıram ki, rəqabətdə uduzmayım. 2 il sonra hansısa şirkət 1 milyonluq marketinq büdcəsini daha şəffaf baxışlı və innovativ düşünən 24 yaşlı gəncə həvalə edə bilər, nəinki 15 ildir bu sahədə qan tökürəm deyib özünü aldadana.

Əziyyət çək, o gün gələcək 
Sevmirəm hər şeyi neqativ görən, inanmayan, bir cürük meyvəsinə görə ağacı dibindən kəsməyə hazır olan insanları. Bizdə marketinq yoxdu deyənləri, məsələn. Hər birimiz öz mövqeyimizdən azdan-çoxdan narazıyıq. Hamımız daha yüksək yerdə olmağa can atırıq. Bütün bunlar təbiidir. Xüsusən də Azərbaycan kimi ölkədə bir çox insanın layiq olmadığı yüksək yerlərdə olduğunu bilərək. Amma bu əsas vermir ki, dünyanı ədalətsiz adlandıraq. Mən öz təcrübəmdən deyirəm ki, azacıq əziyyət çəkəndə belə onun nəticəsini görürəm. Nəyəsə nail ola bilmirəmsə, bundan ən çox özümü günahkar görürəm.

Dostlar, həyatda hər şey ideal deyil. Dava-dalaşa, ittihamlara, dərk edilən və ya edilməyən paxıllıqdan doğan alovlu təhqir və tənqidlərə hazır olun. Amma özünüzə bu sualı verməyi heç zaman unutmayın: Mən bu gün kiməm və bu mövqeyimi vicdanım qəbul edirmi?