Bloq 1

Kütlə sizdən nə istəyir?

Kütlənin qarşısında dayanıb danışacaqsınız. Saniyələr qalıb. Bu qədər insan məndən nə istəyir sualı əlbəttə ki, ağlınızın ucundan belə keçmir. Başınız və bədəniniz başqa fəsadlarla güləşir. (Həyəcan, mətni yada salmaq, görəsən bəyənəcəklər yoxsa yox və s.) Şübhəsiz ki, istənilən çıxış və təqdimat məşq tələb edir. Ancaq məşq etməyi sevməyən biz daha asan çıxış yolunu axtarırıq.

Dəyərli tənbəllərim, 
Əgər nitqinizin təsir gücünü heç olmasa 10 dəfə artırmaq istəyirsinizsə kütlənin nə istədiyini anlamalısınız. İstənilən auditoriya sizdən çıxış zaman 4 elementi gözləyir:

1. Əyləncə Bu məkana ilk növbədə yaxşı vaxt keçirmək üçün gəlmişik. Səninlə ya da sənsiz ancaq bu vaxtı yaxşı keçirəcəyik. Əmin ola bilərsən. Telefonumuz var. Yanımızda oturan dostumuz var. Bizi əyləndirməlisən. Həyatımız böyük hesabla boz keçir. Rutin işlər görürük. Bizə rəngli və maraqlı nitqi eşitmək lazımdır. Sənə qulaq asanda unutmalıyıq. Başımızda olanları və başımıza gələnləri unutmalıyıq. Bu bizə lazımdır. Biz gülmək istəyirik. Bizə səbəb ver və fürsət yarat. Zarafat edəbiləcək dərəcə özündən əmin ol. Bizi əyləndir. Yolunu tap. Məsələn ilk cümlən çox fərqli olsun. Gülüşlərin sayı çoxdursa bil ki, sənin nitqinə sona qədər qulaq asacayıq.Ən azından 1/3-miz bunu edəcək. Hamımız sənə yalnız peyğəmbər olsan qulaq asarıq. Ancaq belə baxanda peyğəmbərlərə də bir yerə qədər qulaq asırıq.

2. Məlumat İnternet dövrüdür. Hər şeyi özümüz də tapa bilərik. Ancaq yenə də səndən fərqli bir məlumat və ya fakt öyrənəcəyimizi düşünürük. Çalış bizi məyus etmə. Bizə internet üzərindən tapa bilməyəcəyimiz maraqlı və ya sarsıdıcı bir məlumat ver. Rəqəm göstər. Statistika göstər. De ki, ürək tutmasından ölənlərin 40% -i məhz bazar ertəsi keçinir. De ki, dünyanın ən aparıcı şirkətləri ilə sorğu aparan Gallup İnstitutu müəyyən edib ki, 84% insan yaxşı maaş və vəzifəyə baxmayaraq işindən məmnun deyil. De ki, bu nitq ərzində 30.000 körpə dünyaya gözünü açacaq. Sahəmizlə bağlı bizə lokal və qlobal keyslər ver. Danışdıqca dərya olduğunu hiss etdir. Bizi ac qoy. Səni bir daha dinləmək və görmək istəyək. Unutma ki, hətta super çıxış belə bir yerdən sonra bezdirməyə başlayır. Məlumatlar və faktlar çoxdur. Zəhmət çək onları düzgün və gözəl şəkildə qablaşdır. Həm dadlı olsun həm də gözəl görünsün. Slaydların varsa onlara baxma. Biz baxsaq kifayətdir. Slaydlarını isə Sədərək Ticarət Mərkəzində vitrinə vurulmuş A4 yazıları kimi dizayn etmə. Biraz insaflı ol. Gözəl çəkilmiş şəkilləri bol tut. Şəkillər və sən duet yaratsın.

3. Enerji Səndən müəyyən enerji almalıyıq. Əminliyin bizə keçməlidir. Nitqini dinləyən zaman ümidimiz və inamımız artmalıdır. Bir sözlə növbəti günə daha pozitiv baxmalıyıq. Nitqini belə yüksək notla bitirməlisən. Biz insanıq. Dediklərinin faydalı olduğundan və ya ən azından maraqlı olduğundan əmin olmalıyıq. Enerjin bütün zalı ələ almalıdır. Zalda intensiv səssizliyin olduğu vaxtlar çox olmalıdır. Nitqdən öncə şəkərli su iç. Yüksəyə tullan. Bədənində olan enerjini tarazla. Nitqin zamanı ən vacib məqamlarda fasilə et. Gərginliyi özün də hiss etməlisən. Zaldan çıxanda yorğun halda çıxmaq istəmirik. Günə davam etməliyik. Mesajını ötür və sonrasını bizə həvalə et. Əmin ola bilərsən ki, yolda və ya digər işlər görərkən dediklərin yadımıza düşəcək. Ən az 3 məqamı başqalarıyla paylaşacayıq.

4. Həll yolu Suallarımız çoxdur. Bəlkə də nitqinə qulaq asan bir nəfərin sadəcə bir sualı var. Bütün nitq boyu həmin suala cavab axtarır. Çıxışın maraqlı olduğu qədər də effektiv olmalıdır. Ya başımızda yeni düşündürücü suallar yaratmalısan ya da mövcud olan sualları domino daşları kimi yerə sərməlisən.

Yalan danışma. Bunu hiss edirik. De ki, bilmirəm. Bilmirəm ancaq mütləq tapıb deyərəm və ya yaxud bilənə yönləndirərəm. Dediyini də et. Etibarı yarat və saxla. Səninlə əlaqə saxlaya biləcəyimiz rekvizitləri ver. Çıxışından sonra “bu qədər vaxtı bu çıxışı dinləməyə dəyərdimi” sualına “əlbəttə dəyərdi" deməliyik. Vaxtımızın qədrini bilmirik ancaq sizin kimi natiqlərin nitqləri zamanı saat yadımıza düşür. Vacib işimiz çıxır. Vaxtımız birdən-birə dəyərli olmağa başlayır. Ancaq bəziləriniz danışanda vaxtın dayanmasını istəyirik. Zaman və məkanı unuduruq. Hər şeyi unuduruq. Bütün ruhumuzla sizin çənənizdən asılı qalırıq.

P.S : Çıxış mətnini hazırlayarkən əvvəl kağıza yazıb sonra danışmayın. Danışın və cümlənin hansı vəziyyətdə olduğunu hiss edin sonra kağıza köçürün. Çətin cümlələr sizi çətin vəziyyətdə qoyacaq.

Vacib olan mürəkkəb mövzuları belə sadə formaya gətirib təqdim etməkdir. Kütləyə istədiyini verin! Kütlə sizi mütləq şəkildə istəyəcək!